AzVision.az-ın Analitik Qrupu

Fironun yuxusunun qlobal yozumu | Lonqrid

// Yaxınlaşan qlobal böhranın səbəbləri göründüyündən dərindir, nəticələri isə düşünüldüyündən mürəkkəb ola bilər

T

övratdakı məşhur rəvayəti bilməyən yoxdur: Bir gün Firon yuxuda görür ki, çayın qırağında 7 kök inək otlayır, amma sudan çıxan 7 arıq inək onları yeyirlər. Növbəti gün eyni yuxu bir qədər başqa cür təkrarlanır: buğdasız 7 sünbül bəhərli 7 sünbülü yeyir. Yuxunu yozan Yusif (İosif) bildirir ki, qarşıda 7 məhsuldar ildən sonra 7 bəhərsiz il gələcək. Başqa sözlə, ərzaq böhranı. Maraqlıdır, görəsən, indi qlobal iqtisadiyyatla bağlı qərar verənlər yuxularında nə görülər?

Hazırda dünyada ən çox narahatlıq doğuran mövzu qlobal inflyasiya və ərzaq böhranıdır. BMT-nin proqnozlarına görə, Ukraynadakı müharibə nəticəsində 1,7 milyard insan, yəni planetin əhalisinin beşdə biri aclıqla üzləşə bilər. Təşkilatın baş katibi Antonio Quterreş taxılın qiymətlərinin bahalaşmasını “kasıb ölkələrə qarşı səssiz hücum” adlandırır. Varlı ölkələr isə ehtiyatlarını artırmaq niyyətlərini gizlətmirlər. Bu, təbii ki, bazarda balansın pozulma dərəcəsini artırmaqla, qiymətləri daha da qaldıracaq. Bəs belə vəziyyətdə nə etmək olar?

BMT-nin baş katibi taxılın bahalaşmasını “kasıb ölkələrə qarşı səssiz müharibə” hesab edir

Suala cavab vermək üçün əvvəlcə problemin xarakterini düzgün anlamaq lazımdır. Məsələ ondadır ki, hazırda bu mövzuya yanaşmada bir yanlışlıq müşahidə olunur. Ukraynadakı müharibənin iqtisadiyyat sferasını da bürümüş alovunun tüstüsü problemin həqiqi mahiyyətini görməyə mane olur. Mahiyyət isə odur ki, bu gün qlobal bazarda baş verənlərin kökləri təkcə Ukrayna müharibəsi və Rusiyaya qarşı qoyulmuş sanksiyalarla bağlı deyil. Bu amillər sözsüz ki, son mərhələdə güclü katalizator rolunu oynadılar. Amma trend bundan xeyli əvvəl başlamış və Ukraynadakı müharibəyə qədər azı üç mərhələdən keçmişdi.

Birinci mərhələ: Böhranın fəsadları

2008-ci ildə ABŞ-da “Lehman Brothers” bankının müflisləşməsi ilə başlayan və sürətlə bütün dünyanı bürüyən maliyyə böhranı nə zaman bitmişdi? Suala cavab vermək asan deyil. Beynəlxalq Valyuta Fondunun 2018-ci ilin oktyabrında yaydığı hesabatda deyilirdi ki, üstündən 10 il keçməsinə baxmayaraq, dünyada böhranın toxunduğu ölkələrin 85%-nin, böhranın birbaşa toxunmadığı ölkələrin isə 60%-nin iqtisadiyyatı hələ də 2008-ci ilə qədərki vəziyyətə qayıda bilməmişdi.

Türkiyəli iqtisadçı ekspert Neşat Gündoğdunun AzVision.az-a dediyinə görə, 2008-ci ildə ABŞ-da başlayan böhran gələcək qlobal inflyasiyaya zəmin yaratmışdı. Çünki böhrandan sonrakı illərdə dövlətlər aktiv şəkildə borc alırdılar.
10 il ərzində dünyadakı dövlətlərin ümumi borcu onların birgə ÜDM-nin 36%-dən 52%-nə qədər artmışdı. İqtisadiyyatlara investisiya qoyuluşu çox ləng bərpa olunurdu. 2017-ci ildə dünyada qoyulan sərmayələrin ümumi həcmi 2008-ci il böhranının olmayacağı təqdirdə qoyula biləcək yatırımın 25%-i həcmində idi.

İqtisadçı-alim Elşad Məmmədov   "AzVision"un videokastında bildirib ki, dünya iqtisadiyyatındakı logistik zəncirlərin qırılması, istehsal əlaqələrinin zəifləməsi prosesi xeyli müddətdir gedirdi. Kəskin struktur böhranı nəticəsində 2008-2009-cu illərdə dünya iqtisadiyyatında kifayət qədər irihəcmli maliyyə "köpükləri" yaranmışdı. Həmin “köpük”lər partlayanda böhran başladı, sonrakı dövrdə mərkəzi bankların emissiyası hesabına bu problemlərin üstü örtülsə də, məsələ köklü həllini tapmadı və daha da dərinləşdi.

Elşad Məmmədov: “Qərb dövlətlərindəki artan pul kütləsinin təqribən 80%-i real sektora deyil, maliyyə sektoruna yönəldiyindən, inflyasiya dərinləşdi və tarazlıq pozuldu”

2008-ci ilin böhranının dünya iqtisadiyyatının bütün aspektlərinə təsirləri gözlənildiyindən daha uzunmüddətli oldu. BVF-nin hesabatı da sübut edir ki, 2018-ci ilin sonlarında böhranın nəticələrinin aradan qalxmasından danışmaq hələ mümkün deyildi. Düz bir il sonra isə dünya iqtisadiyyatına yeni ağır zərbə dəyəcək və böhranın köhnə yaralarını təzədən qanadacaqdı.

İkinci mərhələ: Pandemiya

Evdə oturub, işləməyən insanlara pul vermək üçün nə lazımdır? Həmin pulları çap etmək! Bəs pulu çap edəndə nə baş verir?! İnflyasiya!

Pandemiya dövründə həyata keçirilən 12 trilyon dollarlıq maliyyə tədbirləri “inflyasiya partlayışı”nı şərtləndirdi

2020-ci ilin dekabrın 21-də ABŞ Konqresinin $900 milyardlıq növbəti yardım paketini təsdiqləməsi ilə iqtisadiyyata bir il ərzində maliyyə inyeksiyasının həcmi $3 trilyona çatdı. 2019-cu ildə isə $2 trilyonluq paket qəbul olunmuşdu. Paralel olaraq, FES faiz dərəcələrini 2020-ci ilin martından praktik olaraq sıfırın yaxınlığında saxlayırdı. Koronaböhrana reaksiya olaraq ümumilikdə dünya ölkələrinin mərkəzi bankları $12 trilyon həcmində fiskal tədbirlər görmüşdülər ki, bunun da 5 trilyonu təkcə ABŞ-ın payına düşür.

Belə vəziyyətdə Prinston universitetinin professoru Markus Brunnermayerin əvvəlcədən proqnozlaşdırdığı və  “infliyasiya mişarı” adlandırdığı hadisə qaçılmaz idi: Stimullaşdırma proqramları deflyasiya qüvvələrinin təsirini zəiflədir və nəticədə inflyasiya “partlayışı” baş verir.

Ümumiyyətlə, ABŞ-ın Milli İqtisadi Araşdırmalar Bürosunun (National Bureau of Economic Research | NBER) dərc etdiyi araşdırmadan görünür ki, hər dəfə epidemiya və müharibələr inflyasiyanın güclənməsinə səbəb olur. Həm “İspan qripi” illərində, həm də birinci və ikinci dünya müharibələri dövründə bütün əsas ərzaq məhsullarının qiymətləri artım nümayiş etdirib.

Tarixən müharibə və epidemiyalardan sonra hər dəfə güclü qiymət artımı müşahidə olunub

Yəni hətta hər şey yaxşı getsəydi belə, pandemiyadan sonra inflyasiya labüd olacaqdı, amma təəssüf ki, heç də hər şey yaxşı getmədi. 2021-ci ilin ortalarından başlayaraq dünya əhalisi bir ifadəni tez-tez eşitməyə başladı: “Supply chain disruptions”.

Qlobal təchizat zəncirlərinin qırılması pandemiyadan çıxışda tələb/təklif disbalansını dərinləşdirməklə inflyasiyaya əlavə təkan verdi

Üçüncü mərhələ: Yanlış çıxış

Əslində pandemiyadan çıxışda pozulan təkcə qlobal təchizat zənciri olmadı, tələb ilə təklif arasındakı balans da pozuldu. Lokdaun vaxtı iş yerləri bağlanmış, tələb daralmış, təklif də buna müvafiq olaraq ixtisar edilmişdi. Məhdudiyyətlər ləğv ediləndə isə tələb kəskin sıçrayışla artdı, amma bunu qarşılayacaq həcmdə təklif yox idi. Nəticədə inflyasiyanı gücləndirən amillərin sırasına biri də - sayca üçüncüsü,- əlavə olundu. 2021-ci ildə dünyada ərzağın qiyməti təxminən 30% artdı.

Qlobal Ərzaq İndeksi 2021-ci il ərəfəsində sıçrayışla artmağa başladı (Mənbə: FAO)

“Pandemiyadan çıxışdakı disbalans” yanacağın qiymətini kəskin şəkildə qaldırdığından, konteyner daşınmaları 3 dəfə bahalaşdı. Qazın qiymətlərinin sürətlə artması gübrələrin qiymətini qaldırdı. Kənd Təsərrüfatı nazirliyinin Aqrar tədqiqatlar mərkəzinin direktoru Firdovsi Fikrətzadə həmin dövrdə daha bir amilin təsirini nəzərə almağı lazım bilir: iqlim şərtlərinin təsiri ilə əsas taxıl ölkələrində məhsul istehsalı azaldı. Nəticə etibarilə 2021-ci ildən qlobal taxıl bazarında silkələnəmələr artıq başlamışdı.

Firdovsi Fikrətzadə: “Pandemiyanın, qlobal iqlim dəyişikliyinin və Ukrayna-Rusiya münaqişəsinin yaratdığı fəsadlar bir-birinə qarışdı”

Qrafiklərdən görürük  ki, ərzaq məhsullarının bahalaşması məhz bu dövrdən yeni impuls alır. “Covid-inflyasiya” adlanan bu mərhələ üçün əsasən ərzağın bahalaşması xarakterik idi. Həmin vəziyyət indi də dəyişməyib: Türkiyəli ekspert Turqay Türkerin sözlərinə görə, hazırkı qlobal inflyasiyanın strukturunda da əsas yeri məhz ərzaq inflyasiyası tutur.

Beləliklə, 2022-ci il başlayanda artıq 3 güclü lokomotivə qoşulmuş inflyasiya qatarı sürətlə böhran stansiyasına doğru hərəkət edirdi. Amma bu azmış kimi, prosesə amillərin ən güclüsü əlavə olundu və onsuz da qarışmış kartlar lap qarışdı.


Dördüncü mərhələ: Müharibə

Həm Ukrayna, həm də Rusiya dünyanın 120 milyard dollarlıq taxıl bazarında əsas oyunçulardan idilər. Onların hər ikisi dünyanın buğda istehsal və ixrac edən 10 ölkəsinin arasındadır.

Rusiya və Ukrayna dünyada taxıl ixrac edən ölkələrin ilk onluğuna daxildirlər

Ukraynanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müharibə başlayandan ölkənin taxıl ixracı 10 dəfə - ayda 5 milyon tondan 500 min tona qədər azalıb.
Qarğıdalı bazarında Ukraynanın rolu kifayət qədər güclüdür. Bu bitki yağ istehsalından əlavə, mal-qara və quş yeminin hazırlanmasında əsas xammaldır. Demək, onun bahalaşması avtomatik olaraq ət və süd məhsullarının da qiymətinin artması deməkdir.

Qarğıdalının müxtəlif bazarlardakı qiymət dinamikası

Qazaxıstanın Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun eksperti, iqtisad elmləri doktoru, professor Maqbat Spanovun sözlərinə görə, müxtəlif mənbələr müxtəlif nisbətlər göstərirlər, lakin ümumilikdə taxılın təxminən 30%-ni qlobal bazarlara bu iki ölkə - Rusiya ilə Ukrayna verirdi. Hazırda onların yerini doldura biləcək namizəd yoxdur. Başqa sözlə, müqəddəs yer boş qalır.

Maqbat Spanov: “Ukrayna halqası faktik olaraq dünyanın ərzaqla təchizatı zəncirindən çıxıb”

Söhbət təkcə taxıldan getmir. Bitki yağlarının ixracatında da hər iki ölkənin kifayət qədər sanballı yeri var. Ümumiyyətlə, Qara dəniz bölgəsi özünün nəqliyyat logistikası ilə dünyanın bitki yağları ilə təminatında həlledici rol oynayırdı. İndi isə orada minalar üzür, gəmilər limanlara sığınır, bütün logistik sxemlər pozulub. Ona görə, bitki yağları bazarı xüsusilə güclü şəkildə lərzəyə gəlib.

Bitki yağları bazarında əsl “zəlzələ” müşahidə olunur

Hazırda ərzaq qiymətlərinin qlobal indeksi tarixi maksimumları yeniləyir. 2022-ci ilin birinci rübündə buğdanın qiyməti 1,5 dəfə artıb və güman ki, proses davam edəcək. Bu vəziyyət sözsüz ki, həm ciddi narahatlıq, həm də ciddi suallar doğurur.

Birinci sual: Hara gedirik?

Dünya bankının rəhbəri Devid Malpassın proqnozlarına görə, ərzaq böhranının ilin sonuna qədər bitəcəyi gözlənilmir. Ona görə də dövlətlər öz ehtiyatlarını satışa çıxarmalıdırlar. O, belə addım atan Hindistanı inkişaf etmiş ölkələrə misal göstərib.

Hərçənd,  Sankt-Peterburq Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru Stanislav Tkaçenko 
AzVision.az-ın videokastında xatırladıb ki, ötən il Çin 134 milyon ton, Hindistan 107 milyon ton, Rusiya 83 milyon ton taxıl istehsal etsələr də, Hindistanın əhalisi Rusiya əhalisindən 10 dəfə çoxdur, həm əhalini, həm də heyvanları təmin etmək üçün taxıla kəskin ehtiyacı var. Buna görə də, bir sıra ekspertlər Hindistanı ciddi ixracatçı saymırlar. Bu və bütün digər amillərin təsirini nəzərə alsaq, hazırkı bahalı ərzaq dövrünün 3-5 il davam edəcəyi gözlənilə bilər.

Stanislav Tkaçenko: “Biz yüksək ərzaq qiymətləri dövrünə qədəm qoyuruq. Əvvəlki 50 ilə baxsaq, belə dövrlər adətən 3 ildən 5 ilə qədər davam edir”

Son vaxtlar “staqflyasiya” sözünü tez-tez eşitməyə başlamışıq. Bu termin iki sözün birləşməsindən yaranıb: staqnasiya (durğunluq) + inflyasiya. Staqflyasiya iqtisadiyyatda baş verə biləcək ən pis hallardan biridir. 1971–1973-cü illərdə prezident Niksonun sərt iqtisadi islahatları (“qızıl standartı”ndan imtina və s.) ABŞ-da belə bir hal yaratmışdı. Bunun üstünə Peruda “ət və balıq böhranı”, 73-cü ildə isə neft böhranı gəlincə, yaranan güclü staqflyasiya bütün dünya iqtisadiyyatını sarsıtmışdı. Staqflyasiyanın pis tərəfi odur ki, həm infliyasiyanı, həm də işsizliyi eyni vaxtda azaltmaq olmur: İnfliyasiyanı azaldanda işsizlik artır, işsizliyi azaldanda infliyasiya çoxalır. Nəticədə bir neçə il davam edən sosial problemlər dövrü başlayır. İndi isə təəssüf ki, bütün dünya belə bir dövrə girmək üzrədir.

ABŞ-da staqflyasiya gözləntisi indeksi 2008-ci il böhranı zamanındakı səviyyəyə çatıb. (Mənbə: Bloomberg)

Belə vəziyyətdə əgər təcili tədbirlər görülməsə, BVF-nin direktoru Kristalina Georgiyevanın bədbin proqnozlarının reallaşması qaçılmaz olacaq: Kasıb ölkələrdə aclıq dalğası başlayacaq. Afrikanın 20-yə yaxın ölkəsi ən ağır risk qrupuna daxildir. Ekspertlərə görə, Sonrakı mərhələdə Misir, Yəmən, Livan, Liviya kimi ölkələrdə vəziyyət ağırlaşacaq. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə də vəziyyət həsəd aparılası deyil: Orada acıq riski gözlənilməsə də, qiymətlərin durmadan bahalaşması sosial problemləri ağırlaşdırır. Bu halda ikinci suala gəlib çıxırıq.

İkinci sual: Nə etmək olar?

Amerikalı ekspert Endryu Koribko AzVision.az-a açıqlamasında qlobal infliyasiyanın qarşısını almaq üçün edilə biləcək elə də çox şeyin olmadığını deyib. Çünki dünyada kənd təsərrüfatı, logistika və qiymətlərə nəzarətə cavabdeh olan hansısa mərkəzi qlobal qurum yoxdur. Olsaydı belə, 4 səbəbin üstə-üstə gələrək yaratdığı güclü inflyasiya dalğasına qarşı çətin ki, nəsə edə biləydi.

Tutaq ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini qaldıra bilər. “JPMorgan Chase” və “Deutsche Bank”ın ekspertlərinin fikrincə, məhz belə də edəcək. ABŞ iqtisadiyyatı 2023-cü ilə yüksək faiz dərəcələri ilə girəcək və həmin siyasət ən azından 2024-cü ilə qədər davam edəcək. Hazırda 0,25-0,5% aralığında dəyişən faiz dərəcələri iki il ərzində 3,5%-i keçəcək ki, bu, çox ciddi göstərici olduğundan, maliyyə bazarlarında yüksək volatillik yaratmaqla, rsikləri artıracaq, iqtisadi inkişafı tormozlayacaq. Axı yüksək faiz dərəcəsi bahalı kreditlər, bahalı kreditlər isə öz növbəsində, işgüzar aktivliyin azalması deməkdir.

Qlobalizasiya prosesinin sonunun çatması artıq bir müddətdir ki, Qərb mediasında müzakirə olunur

Bu vəziyyətdə yeganə ağlabatan variant qlobal miqyası kiçildərək, regional müstəvilərdə ölkələrin öz fəaliyyətlərini koordinasiya etmələridir. Bizimlə həmsöhbət olan əksər ekspertlər bu fikri bölüşürlər ki, dünya iqtisadiyyatında struktur böhranının gəlib bu həddə çatması həm də dollara əsaslanan qlobal sistemin xeyli dərəcədə toksikləşməsi ilə bağlıdır. Belə olan halda böhrandan çıxmaq üçün bir valyutaya söykənən qlobal iqtisadi sistemin demontajı labüdləşə bilər.

İstisna deyil ki, böhran dərinləşdikcə məhz deqlobalizasiya əsas trendə çevrilməyə başlayacaq. Regional iqtisadi mərkəzlər dolları əvəzləyən alternativ mexanizmlərə üz tutmağa çalışacaqlar. Bu deqlobalizasiya prosesi kifayət qədər uzunmüddətli ola bilər.

İqtisadçı-alim Emin Qəriblinin fikrincə, Xəzərətrafı və Güney Qafqaz bölgəsinin ölkələri kooperasiya yaratmalıdırlar. İndiyə qədər də biz bunu istəyir, lakin gözləyirdik ki, bazar iqtisadiyyatının “görünməz əl”i özü prosesi tənzimləyəcək. İndi isə təkcə bazar mexanizmlərinə ümid olmadan prosesi sürətləndirmək lazımdır, çünki səylərimizi birləşdirmədən qlobal böhranın qabağında dayanmaq olmaz.

Emin Qəribli: “Regional inteqrasiya ən azından problemin həlli üçün resursların paylaşılmasına gətirib çıxara bilər”

Ənənəvi olaraq belə alınıb ki, bizim kənd təsərrüfatı bazarında əsas tərəfdaşlarımz region ölkələridir. Burada həm logistika faktoru var, həm tarixi ənənələr rol oynayır. Regiondakı bəzi ölkələrin ayrı-ayrı məhsullar üzrə aşkar ixtisaslaşması var, bəzilərində isə bu yaradılmalı və ya yeni sahələri əhatə etməlidir. Ondan sonra ənənəvi və yeni ixtisaslaşmalara uyğun təzə əlaqələr qurulmalıdır. Məsələn, narçılıq, fındıqçılıq, xurma istehsalı Azərbaycanda yeni ixtisaslaşma istiqamətləri ola bilərlər.

Nəticə

Beləliklə, böhranın anatomiyasının bir qədər dərindən təhlili göstərir ki, o, ilk baxışdan müharibənin nəticəsi kimi görünsə də, əslində qlobal sistem xarakterlidir. Müharibə olmasa da başlayacaqdı və müharibə bu gün bitsə belə, böhran qurtarmayacaq. Onun nə qədər sürəcəyini və nə ilə yekunlaşacağını proqnozlaşdırmaq mümkün deyil. Dövlətlər addımlarını bizim bu mərəzlə hələ bir müddət yaşayacağımızı nəzərə alaraq, atmalıdırlar. Həmin addımlar da ilk növbədə regional kooperasiyanın güclənməsi və milli iqtisadiyyatların risklərdən sığortalanması istiqamətində olmalıdırlar.

  25 Aprel 2022    Oxunub: 15519    Oxunma vaxtı: 40 dəq.

40 dəq.